Murad Ağabəyli: "Xarici turistlərin qoruqlarımıza marağı artır" | FOTOLAR

      Murad Ağabəyli:    "Xarici turistlərin qoruqlarımıza marağı artır" |    FOTOLAR
  31 Oktyabr 2025    Oxunub:1341
"Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki qoruqlara 706 min turist baş çəkib. Onlardan 547 min nəfəri (77%) xarici, qalanları isə yerli turistlərdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayı 25% artıb. Bu göstəricidə xarici turistlərin artım payı 10%-dir. Əlbəttə, nəzərə almaq lazımdır ki, bu rəqəmlər yalnız qoruqlara bilet alaraq baş çəkənləri göstərir. Real müstəvidə turistlərin sayı daha çoxdur".
Bu sözləri DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda dilə gətirib. O bildirib ki, cari ilin ilk 9 ayında DTA-nın tabeliyindəki qoruqlar üzrə satılan biletlərdən ümumilikdə 4,8 milyon manatdan çox gəlir götürülüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Vəsait, öz növbəsində, qoruqların inkişafı üçün ayrılır.

Murad Ağabəylinin sözlərinə görə, Dövlət Turizm Agentliyi tərəfindən qoruqlarda yeni turizm istiqamətlərinin yaradılması mütəmadi həyata keçirilir:




(Palçıq Vulkanları Turizm Kompleksi)

"Açılışı ötən il baş tutmuş "Palçıq Vulkanları" da bu yeni turizm istiqamətlərindən biridir. Burada turistlərin məşğuliyyəti, şəraiti üçün müxtəlif fəaliyyət növləri ərsəyə gətirilir. Qoruqda həmçinin tamamilə yerli sənətkarların hazırladıqları suvenir əşyalar turistlərə təqdim olunur. Yerli sənətkarlığın inkişafına yönələn bu layihənin digər qoruqlarda da tətbiqi planlaşdırılır".

Sədr diqqətə çatdırıb ki, görülən işlər çərçivəsində Şəki şəhərindəki "Kiş" Tarix-Memarlıq Qoruğunda qədim məscid, habelə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində bir neçə abidə hazırda bərpa olunur:

"Eyni zamanda, İsmayıllı rayonunda "Basqal" və "Lahıc" dövlət tarix-mədəniyyət qoruqları, Qubada "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda da bərpa işləri paralel şəkildə həyata keçirilir. Bu turizm nöqtələri tezliklə həm yerli, həm də xarici turistlərin ziyarətinə açılacaq".

(Kişdə alban məbədi)

(Yuxarı Baş)

(Basqal)

(Lahıc)

O xatırladıb ki, Xınalıq kəndi ötən günlərdə Ümumdünya Turizm Agentliyi tərəfindən "ən yaxşı turizm kəndi" nominasiya üzrə qalib seçilib:

"Bu, Azərbaycan üçün bir ilkdir. Belə bir vəziyyətdə Xınalığa gələcək turistlərin sayının artacağı proqnozlaşdırılır. Ölkəmizdəki başqa bir sıra kəndlərin də bu siyahıya salınması nəzərdə tutulur".


(Xınalıq)

AzVision.az


Teqlər: DTA   qoruqlar  



Xəbər lenti